Logo

“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” - KONFRANS

12.04.2021 15:33 472 baxış
IMG

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ADA Universiteti ilə birlikdə görkəmli alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunan “Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda konfrans keçirib. Konfransda görkəmli alimin elm sahəsindəki nəzəriyyələrinin sənayenin inkişafına, texnologiyanın tərəqqisinə, ümumilikdə, dünya elminə və iqtisadiyyatına verdiyi töhfələr barədə müzakirə və çıxışlar edilib.

 

Virtual formatda keçirilən konfransda dövlət, özəl, vətəndaş cəmiyyəti institutlarının və akademik dairələrin nümayəndələri iştirak edib. Konfransı giriş sözü ilə açan İİTKM-in icraçı direktoru, i.e.d. Vüsal Qasımlı Lütfi Zadə irsinin iqtisadiyyatın inkişaf etdirilməsində potensial imkanlarından, iqtisadi artımın Lütfi Zadə nəzəriyyərələrinə uyğun inkişaf perspektivləri barədə çıxış edib. Konfransda salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Müasir sənaye, dayanıqlı iqtisadiyyat və innovativ cəmiyyət quruculuğunda Lütfi Zadə irsinin rolu” barədə söhbət açıb, ölkədə KOB-ların inkişaf trendləri barədə məlumat verib. Həmçinin, “Lütfi Zadə irsi və süni intellekt" assosiasiyasının prezidenti, professor Rafiq Əliyevin Lütfi Zadənin Z ədədlər nəzəriyyəsinin təfsilatlı izahı, "İqtisadiyyatda qeyri-səlis modellər" kitabının müəllifi, i.e.d

 

Qorxmaz İmanov isə çıxışında dahi alimin qeyri-səlis iqtisadiyyatın inkişaf etdirilməsindəki rolundan bəhs edib. Lütfi Zadənin elm, elektronika və İKT sahəsindəki rolundan Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər, ADA Universitetinin IT və mühəndislik fakültəsinin dekanı Araz Yusubov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli çıxışlar edib.

 

Qeyd edək ki, Lütfi Zadə elm və texnologiyanın inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb. Həmçinin, ölkə başçısının Sərəncamı ilə görkəmli elm xadimi Lütfi Zadənin 100-cü ildönümünün qeyd edilməsi haqqında tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

 

Tarixi şəxsiyyətlərdən olan dünya şöhrətli alim Lütfi Zadə öz nəzəriyyələri ilə elm tarixində mühüm dəyişikliklərə yol açıb. Hər daim azərbaycanlı olduğunu fəxrlə bildirən alim öz nəzəriyyələri ilə elm sahələrinə yeni yanaşmalar gətirərək elmin müasir mərhələdə inkişaf etdirilməsinə töhfə verib. Dünya miqyasında yazılarına ən çox istinad edilən alimlərdən biri olan Lütfi Zadə bir çox elmi məktəblər və laboratoriyaların qurulmasına səbəb olub. Azərbaycanın və dünyanın görkəmli alimlərindən biri olan Lütfi Zadə həyatını elmin inkişafına həsr edərək dünya elminə bir neçə fundamental elmi nəzəriyyə təklif edib. Bu nəzəriyyələrin içində əsas və geniş yayılmış nəzəriyyə qeyri-səlis məntiq nəzəriyyəsi olub. Həmçinin, Lütfi Zadənin "Sistemlər nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Təəssüratlar nəzəriyyəsi" kimi elmi işləri dünya elminin inkişaf etdirilməsində əvəzedilməz rol oynayıb.

Xəbər lenti