Xaçmazın Qaracik-Zeyid kənd tam orta məktəbinin 7 müəlliminin işi Allaha qalıb. Niyə məhz 7 müəlliminin? Çünki hər gün rayon mərkəzində yaşayan və Xaçmaz şəhərindən bu kəndə olan 20 km- lik məsafəni taksilərlə gedib gələn müəllimlər aylardır sərnişin avtobusunun işləməməsindən çox əziyyət çəkirlər.
Bu barədə Modern.az-a Qaracik-Zeyid kənd tam orta məktəbinin direktoru Tərlan Dadaşov məlumat verib. Onun sözlərinə görə, Xaçmaz şəhər avtovağzalından Qaracik-Zeyid kəndinə gələn marşrut avtobusu Xaçmaz-Quba yolundan hərəkət etməklə, Ağyazı Buduq və Alıcqışlaq kəndlərindən keçməklə gəlirdi. 2020-ci ilin oktyabr ayından sərnişin avtobusunun kəndə gəlməsində problem yaşanıb. Onun sözlərinə görə, rayon avtovağzalından buna səbəb kimi xəttə çıxan avtobusun sürücünün 65 yaşının tamam olması səbəbindən işləməməsi əsas gətirilib:" Oktyabrın 7-dən Nizam adlı sürücü yaş həddinə görə işdən çıxarılandan sonra marşrut avtobusumuz gəlmədi. Bir müddət karantin oldu. Avtobus onsuz da işləmirdi. Bir də bu il fevralın 1-dən 5 gün Alıc xəttinə bir avtobus buraxıldı və cəmi 5 gün işlədi. Məktəblər əyani təhsilə başlayandan sərnişin avtobusu kəndə bir daha gəlməyib. Bu da rayon mərkəzində yaşayan müəllimləri çətin vəziyyətə salıb,məcbur olub dərsə taksi ilə gəlib gedirlər".
Tərlan Dadaşov məlumat verdi ki,sərnişin avtobusu ilə bağlı müvafiq aidiyyatı qurumlara şikayət etmişik,müraciətimizə müsbət cavab verən yoxdur.Direktor bildirir ki,"problemlə bağlı Dövlət Avtomobil Xidmətinə,xidmətin Quba regional şöbəsinə ,Xaçmaz şəhər avtovağzalına dəfələrlə müraciət etmişik,sürücü olmaması bəhanə gətirilir, konkret tədbir görən yoxdur."
Məlumat üçün bildirək ki,Xaçmaz-Alıc marşrutunun işləməməsindən təkcə Qaracik-Zeyid kənd məktəbinin müəllimləri əziyyət çəkmir.Alıc-qışlaq kənd məktəbinə rayon mərkəzinə gələn müəllimlər də,ümumilikdə, bu kəndlərin sakinləri də ictimai nəqliyyatın işləməməsindən çətinlik çəkirlər. Məcbur olub hamı taksilərin xidmətindən istifadə edir. Onsuz da pandemiya səbəbindən şənbə-bazar günləri avtobuslar işləmir.
Məsələ ilə bağlı Dövlət Avtomobil Xidmətinin Quba regional idarəsinin rəisi Gənc Əliyevlə telefon əlaqəsi saxladıq. Gənc Əliyev məsələdən xəbərdardar olduğunu deyərək əvvəlcə sakinlərin taksi ilə getmələri səbəbindən Alıc xəttinə avtobus buraxılmadığını söylədi.Cənab Əliyevə bildirəndə ki,"xəttdə marşrut olsa,camaat taksi ilə getməz"-o cavabında bu məsələni araşdırmaq üçün Qaracik-Zeyid kəndində olacağını,məsələnin müsbət həllinə çalışacağını dedi.
İnsanların pandemiyadan, koronavirusa yoluxma stressindən əziyyət çəkdiyi bir vaxtda inanaq ki, Gənc Əliyev həlli mümkün olan bu məsələni müsbət həll edəcək. Qaracik-Zeyidin sərnişinə həsrət qalmış boş qalmış dayanacaqları da avtobus gözləməkdən təngə gəlib. Elə sakinlər də. Ümid edək.