Logo

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda xarici iştirakçılar üçün qeydiyyat başa çatıb

29.04.2024 11:50 216 baxış
IMG

Mayın 1-3-də ölkəmizdə keçiriləcək “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb.

Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, Bakıda keçiriləcək tədbirdə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 mötəbər qonaq iştirakını təsdiqləyib.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60 ölkəyə yaxın mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik, dil və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gələcək.

Forumda Nazirlər Konfransı və Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı təşkil olunacaq. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbir mötəbər beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, ISESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.

Xəbər lenti