Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının müdiri riyaziyyat üzrə elmlər doktoru Rakib Əfəndiyev Pakistanda keçirilən “Davamlı inkişafda riyaziyyat və əlaqəli elmlərin rolu: sənaye və akademiya arasında körpü” (ICRMASSD: BIA-2024) mövzusunda I beynəlxalq konfransda iştirak edib.
BMU-dan "Tehsil.biz"ə bildirilib ki, Sind Ali Təhsil Komissiyasının (SHEC) dəstəyi, Kəraçi Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə Heydarabad Dövlət Kollec Universitetində təşkil olunan konfransda R.Əfəndiyev məruzə ilə çıxış edib. Konfrans davamlı inkişaf üçün tətbiqi riyaziyyat, süni intellekt, kriptoqrafiya, dron texnologiyası və ətraf mühitin monitorinqi, nəqliyyatın modelləşdirilməsi, kosmos elmləri və digər istiqamətləri əhatə edib.
Konfrans çərçivəsində Kəraçi Universitetinin Riyaziyyat departamentinin rəhbəri Najeeb Alam Khan və əməkdaşlarla görüşdə R.Əfəndiyev Azərbaycanın təhsil sistemi, BMU-nun fəaliyyət istiqamətləri, fakültələri, kafedraları və s. barədə məlumat verib. Qlobal reytinqlə bağlı müzakirələrin aparıldığı görüşdə gələcək əməkdaşlığı nəzərdə tutan müvafiq memorandum imzalanıb.
Kəraçi Qadınlar üçün Cinnah Universitetinin Kompüter elmləri və proqram mühəndisliyi departamentinin dekanı Narmeen Zakaria Bavany ilə keçirilən görüşdə də əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və memorandum imzalanıb.
Digər görüşlər Kəraçi NED Mühəndislik və Texnologiya Universitetində və Kəraçi Biznesin İdarə Edilməsi İnstitutunda keçirilib. Bu görüşlərdə də gələcək əməkdaşlıq imkanları, həmçinin qlobal reytinqdə ali təhsil müəssisələrinin mövqelərin yaxşılaşdırılması yolları müzakirə olunub.
BMU-nun əməkdaşı Kəraçi Biznesin İdarə Edilməsi İnstitutunda elmi seminarda da çıxış edib.