Logo

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər - FOTO

30.04.2024 11:34 300 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzi və UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Mərkəzinin təşkilatçılığı ilə “Yeni dövrdə yeni ideyalarla” mövzusunda silsilə müzakirələr çərçivəsində növbəti dəyirmi masa keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri professor Zahid Məmmədov tədbir iştirakçılarını yeni dövrdə universitetlərdə yerinə yetirilən elmi-tədqiqatların iqtisadiyyatın çağırışlarına cavab verməsi, elmi fəaliyyətin idarə olunması sisteminin qurulması, elmi tədqiqatların kommersiyalaşdırılması üçün atılacaq addımlar, eləcə də konfransların elmi dəyərinin ölçülməsi istiqamətlərində fikir və təkliflərlə çıxış etməyə çağırıb.

Dəyirmi masa aktual mövzuları əhatə edən çıxışlarla davam edib. ADA Universitetinin prorektoru Vəfa Kazdal təhsil sisteminin aktual problemləri və onların həlli istiqamətində aparılması vacib olan islahatlardan söz açıb. UNEC-in Azərbaycan dili kafedrasının dosenti Çinarə Qəhrəmanova yeni dövrdə beynəlxalq elmi məlumat bazalarında “Dil imperializmi”nin problemləri mövzusunda çıxış edərək, dilin ekologiyası məsələlərinə toxunub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov elmi tədqiqat nəticələrinin tədrisə inteqrasiyası, universitetlərdə elmi-pedaqoji kadr hazırlığının müasir dövrün tələblərinə cavab verməsi ilə bağlı atılacaq addımlardan danışıb.

UNEC-in professoru Arzu Hüseynova ölkədə ali təhsil sahəsində innovasiya aktivliyinin qiymətləndirilməsi və innovasiya fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə təklif və tövsiyələrlə çıxış edib.

İqtisadçı-ekspert Fuad İbrahimov yeni dövrdə peşə seçimi problemləri və yeni texnologiyalardan istifadənin peşəyönümlülüyə təsirləri, UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Mərkəzinin rəhbəri Sərvinaz Xanlarzadə keyfiyyətli tədqiqatların yerinə yetirilməsi üçün tədqiqatçı müəllimlərin dərs yükünün azaldılmasının əhəmiyyəti, təhsil eksperti İlham Əhmədov qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılmasının zərurəti barədə maraqlı çıxışlar ediblər.

Tədbirdə təklif və tövsiyələr ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti