Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə məzunlarla tələbələrin görüşlərinə başlanılıb.
BMU-dan "Tehsil.biz"ə bildirilib ki, “MəzunTalks 2024” layihəsi çərçivəsində təşkil olunan görüşdə Mühəndislik fakültəsinin fərqli ixtisasları üzrə təhsilini başa vurmuş və hazırda ölkənin nüfuzlu şirkətlərində çalışan 5 məzunu haqqında məlumat verilib. Bildirilib ki, “SOCAR Downstream Management” MMC-də çalışan məzunlardan (mexanika mühəndisliyi ixtisası) Aydın Əfəndiyev aparıcı mühəndis, Nəriman Quluzadə (elektroenergetika mühəndisliyi ixtisası) isə elektrik mühəndisi vəzifəsini daşıyır. “Global Energy Solutions” MMC-nin əməkdaşı Vüsal Qurbanlı (proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası) texniki dəstək mühəndisi, “Azercell” MMC-nin əməkdaşı Sənan Vəlizadə (sistem mühəndisliyi ixtisası) kibertəhlükəsizlik üzrə baş mütəxəssis, "Araz" supermarketlər şəbəkəsinin əməkdaşı olan Elmir Əlizadə (logistika və nəqliyyat texnologiyaları mühəndisliyi) isə logistika üzrə mütəxəssis vəzifəsində çalışır.
Sonra məzunlar fərdi inkişaf, karyerada ilk addımlar, iş mühitində əldə etdikləri uğurları tələbələrlə bölüşüblər. Onlar tələbələrə sosial mühitdə davranış, məsuliyyət, qoyulan hədəflərə çatmaq üçün motivasiya qabiliyyəti, nəzəri və praktiki biliklərin təkmilləşdirilməsi, təcrübə proqramlarında fəal iştirak və s. kimi vacib məqamlarla bağlı tövsiyələrini veriblər.
Məzunlar görüş iştirakçılarını maraqlandıran sualları da cavablandırıblar.