Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ”Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların Respublika elmi-praktik konfransı keçirilib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icra olunmasında Azərbaycanın rolunu vurğulayıb. O bildirib ki, konfransın mövzusu müasir dünyanın aktual problemlərini əhatə edir. Tələbə və gənc tədqiqatçıların elmi-praktik bacarıqlarının formalaşması, təkmilləşməsində bu cür tədbirlərin böyük əhəmiyyəti var.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının milli və ümumbəşəri əhəmiyyət kəsb etdiyini, qlobal ekoloji təhlükələrin qarşısının alınması istiqamətində beynəlxalq miqyasda tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirib. O qeyd edib ki, Azərbaycan Respublikası yeni təşəbbüslərlə qlobal çağırışlara qoşulur, həmin tədbirlərin həyata keçirilməsində əsas təşkilatçılardan biri rolunu oynayır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi də ölkəmizin vacib rolunu bir daha vurğulayır. Məqsəd Qocamanov tələbə və gənc tədqiqatçıları ətraf mühitin mühafizəsi və coğrafi tarazlığın qorunub saxlanılmasında fəal rol oynamağa çağırıb, konfransı məhz həmin məqsədə xidmət edən mühüm hadisə kimi qiymətləndirib.
Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev çıxışı zamanı Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində aparılan işlərə diqqət çəkib. O diqqətə çatdırıb ki, hazırda böyük şəhərlərin, xüsusi ilə Bakı aqlomerasiyasının antropogen yükünün azaldılması, ekoloji mühitin qorunması, yaşıllıq və rekreasiya zonalarının təşkili aktual məsələlərdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonaları” elan edilməsi bu sahədə aparılan işləri daha da sürətləndirəcək. Saleh Nağıyev işğaldan azad olunmuş ərazilərin təbii ehtiyatlarının öyrənilməsinin aktuallığını qeyd edərək, tələbələrin bu sahədə tədqiqatlar aparmasının əhəmiyyətini vurğulayıb.
Coğrafiya fakültəsi üzrə TEC-in fəxri üzvü, I kurs magistrant İmran Bayramov son illərdə qurum tərəfindən həyata keçirilən konfrans və layihələr haqqında məlumat verib.
Coğrafiya fakültəsi üzrə TEC-in sədr müavini Nəzirə Dursunova “Ekvatordan Qütblərə” elmi-populyar jurnalının növbəti sayını təqdim edib, bu istiqamətdə tələbələr tərəfindən qrup şəkilində görülmüş işlərdən söz açıb.
Konfransın plenar iclasında tələbə və magistrantların üç məruzəsi dinlənilib. Fakültənin magistrantları Fəridə Mürşüdova “Azərbaycanda UNESCO irsi üzrə turizm marşrutlarının təşkili imkanları (Xınalıq və Köç Yolu timsalında)”, Aygün Əzizova “Şirvan düzünün su-bataqlıq landşaftlarının morfologiyası”, III kurs tələbəsi Leyla Səmədova “Tərəflərin Konfransı – COP29” mövzularında məruzələr ediblər.
Sonra məruzəçilərə və TEC-in fəaliyyətində fərqlənmiş tələbələrə təşəkkürnamələr təqdim olunub.
Konfrans öz işini iki bölmə üzrə davam etdirib.