Logo

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb - FOTO

06.05.2024 17:04 179 baxış
IMG

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan tədbirlər çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) günəş enerji panelindən istifadəyə start verilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, ali məktəbin əsas tədris korpusunun həyətində quraşdırılan günəş panelinin istifadəyə verilməsi mərasimində çıxış edən MDU-nun rektoru Şahin Bayramov günəş enerjisi panelini “yaşıl enerji” konseptinin real nəticələrindən biri kimi dəyərləndirib. O, həmçinin “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”na uyğun olaraq, MDU-nun yeni dövrün universitetinə çevrilməyi və davamlı inkişaf əsaslı ali təhsil müəssisəsi olmağı hədəflədiyini bildirib.

“Günəş paneli “davamlı inkişaf təfəkkürlü” və “yaşıl düşüncəli” vətəndaş yetişdirmək missiyasının reallaşdırılmasına mühüm töhfə verəcək. Açıq havada laboratoriya funksiyasını yerinə yetirəcək enerji panelinin “Energetika” və “Energetika mühəndisliyi” ixtisaslarında kadr hazırlığının keyfiyyətinin yüksəldilməsində də əhəmiyyətli rol oynayacaq”, - deyə rektor diqqətə çatdırıb.

AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov son dövrlərdə MDU-nun müasirləşdirilməsi istiqamətində aparılan sistemli fəaliyyətlərindən danışıb. O, ölkənin elektroenergetika mərkəzi hesab olunan Mingəçevir şəhərində günəş enerjisi panelinin istifadəyə verilməsinin yüksək önəm kəsb etdiyini vurğulayıb. Akademik, dövlətimizin başçısı tərəfindən bərpa olunan enerji resurslarından istifadənin artırılmasına göstərilən diqqət və qayğıdan söz açıb, yaşıl enerji sahəsinin inkişafı məqsədilə yüksəkixtisaslı kadr hazırlığının məzmununun modernləşdirilməsinin vacibliyini bildirib.

Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yılmaz günəş enerjisi panelinin iş mexanizmi və universitet daxilində istifadə üçün generasiya olunacaq elektrik enerjisinin miqdarı barədə ətraflı məlumat verib. O, növbəti mərhələdə günəş enerjisi panelinin əhatə dairəsinin artırılması üçün atılacaq addımlardan danışıb, Azərbaycanda yaşıl enerji istiqamətində reallaşdırılan fəaliyyətlərə göstərilən dövlət dəstəyinin yaratdığı geniş imkanlardan bəhs edib.

Sonra günəş enerjisi paneli istifadəyə verilib, tədbir iştirakçıları paneli real iş rejimində izləyiblər.

Xəbər lenti