Logo

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

06.05.2024 17:16 338 baxış
IMG

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik “Quacquarelli Symonds” (QS) dünya universitetləri reytinqində ölkə birincisi olan UNEC MBA proqramı üzrə beynəlxalq keyfiyyətli təhsil almaq istəyənlər üçün geniş ixtisas seçimi təklif edir.

Bu barədə "Tehsil.biz"ə Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) məlumat verilib.

Bildirilib ki, UNEC Biznes Məktəbində əmək bazarında ən çox tələb olunan 30 ixtisaslaşma üzrə 3 dildə qəbul həyata keçirilir. Maliyyə analitikası ixtisaslaşmasına qəbul isə bu ildən aparılacaq. Təhsil müddəti iki ildir və dərslər həftədə iki dəfə tədris olunur.

Magistrlər ikili diplom proqramı çərçivəsində iki il ərzində UNEC-lə yanaşı, ABŞ-ın Linkoln Universitetinin diplomunu əldə edə bilirlər. Eləcə də İsveçrə, Fransa, İtaliya, Türkiyə, Polşa, Litva, İspaniya və digər Avropa dövlətlərinin aparıcı universitetlərində mübadilədə iştirak etmək imkanları qazanırlar.

UNEC Biznes Məktəbində təhsil almağın digər üstünlüyü isə məzunlarının ACCA sertifikatı əldə edə bilməsidir. Belə ki, MBA proqramının mühasibat uçotu ixtisaslaşması üzrə təhsil alan magistrantlar ACCA kvalifikasiyası üzrə bütün fundamental fənlərdən (F1-F9), digər ixtisaslaşmalarda isə ACCA-nin F1-F4 imtahanlarından azad olunurlar.

Qeyd edilib ki, UNEC Biznes Məktəbi EFMD (European Foundation for Management Development (Bussines School Accreditation) təşkilatının tamhüquqlu üzvüdür. Təşkilatın əhatə dairəsinə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə də daxil olmaqla, 81 ölkədən 800-dən artıq akademik təşkilat, biznes, dövlət xidməti və məsləhət xidməti qurumları daxildir. EFMD təşkilatının “HIGHERED – Global Talent Network” işədüzəlmə şəbəkəsi magistrantların ölkə hüdudlarından kənarda işlə təmin edilməsi üçün real imkanlar yaradır. Magistrlər qeydiyyatdan keçərək bu fürsətdən yararlana bilərlər.

Şəhərin mərkəzində yerləşən möhtəşəm kampusda təhsil alan magistrantlar xarici universitetlərdən dəvət olunmuş müəllimlər sayəsində nəzəri biliklərə, iş dünyasının CEO-ları ilə praktiki bacarıqlara yiyələnə biləcəklər.

Xəbər lenti