Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” mövzusunda elmi seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, Heydər Əliyev Mərkəzi ilə birgə keçirilən seminar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunub.
Seminarda çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb. Rektor qeyd edib ki, Azərbaycanda
innovativ inkişafın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Urxan Ələkbərov ölkəmizdə qazanılan nailiyyətlərin dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu deyib, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov “Heydər Əliyev və beynəlxalq enerji təhlükəsizliyi problemi” mövzusunda məruzə edib. O, Ümummilli Lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətindən, dünya ölkələri və nüfuzlu beynəlxalq təşkilatlarla müstəqil Azərbaycanın diplomatik əlaqələrinin qurulmasında xidmətlərindən danışıb. Bildirilib ki, həmin əlaqələrin qurulması müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə və inkişafına əvəzsiz töhfələr verib. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurlu nəticələrini xatırladan E.Nəsirov 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətini xüsusi vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin enerji siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Professor ölkəmizin inkişafı istiqamətində, həmçinin Heydər Əliyev Fondunun rolunu vurğulayıb.
DİA-nın kafedra müdiri, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu “Heydər Əliyev - müstəqil Azərbaycanın qurucu lideri” mövzusunda məruzə ilə çıxış edib. Professor müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyada nüfuzunun yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib. 1988-1992-ci illərdə ölkəmizin dağılmaq, parçalanmaq təhlükəsi ilə üzləşdiyini qeyd edən H.Babaoğlu xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın böyük inkişaf yoluna çıxdığını vurğulayıb. Dahi rəhbər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” kəlamını xatırladan H.Babaoğlu Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Heydər Əliyevin böyüklüyünü biz bu gün güclü ordu quruculuğunda, torpaqlarımızın azad olunmasında görürük, Azərbaycanın sürətlə inkişafında görürük. Heydər Əliyevin böyüklüyünü biz bu gün Böyük Qayıdışda görürük.
Sonra Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin Elmi araşdırmalar və təbliğat şöbəsinin müdiri Nigar Rəhimli çıxış edib. Çıxışda Heydər Əliyev Mərkəzinin fəaliyyəti, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, Azərbaycan dilinin, tariximizin, mədəniyyətimizin həm ölkədə, həm də xaricdə təbliğ edilməsində rolu barədə məlumat verilib. Qeyd olunub ki, Mərkəz ötən 12 il ərzində Ulu Öndərin irsinin tədqiqi və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirib.