Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qaz-neft-mədən fakültəsinin ötən illərin bir qrup məzunu ilə görüş keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.
Fakültənin dekanı, professor Elman İskəndərov görüşdə açılış nitqi ilə çıxış edərək son illərdə universitetdə əldə edilən nailiyyətlər haqqında onlara məluma verib, universitet-məzun əlaqələrinin vacibliyindən danışaraq iştirakçıların hər birinə minnətdarlıq edib.
ADNSU rektorunun Universitet-sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov məzunlarla görüşdən söz açaraq “Universitet-Sənaye” birliyinin əhəmiyyətini qeyd edib. O, məzunların universitetə verə biləcəyi töhfələrin tələbələr üçün əhəmiyyətindən danışıb və beynəlxalq reytinq sorğularında məzunların mühüm rol oynadığını bildirib.
Qarşılıqlı müzakirə formatında keçən görüşdə məzunlar universitetdə əldə etdikləri biliklərin iş fəaliyyətində onlara faydalı olduğunu bildiriblər. Onlar karyeralarından söz açaraq uğurlarından və qarşılaşdıqları çətinliklərdən danışıblar. Sonda ADNSU-nun məzunları təkliflə çıxış edərək tələbələr üçün lazımi dəstəyi göstərməyə, öz praktiki biliklərini onlarla bölüşməyə hazır olduqlarını bildiriblər.
Daha sonra görüşdə məzunların idarə heyətinin yeni tərkibi seçilib.