Marsol Karyera və İnkişaf Mərkəzinin həyata keçirdiyi “Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları məzun olub. 4 may tarixində məzuniyyət günü ilə əlaqədar “NextGen” adlı tədbir təşkil olunub.
Tehsil.biz xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, sahibkarlar, eləcə də gənclərlə birlikdə valideynləri iştirak ediblər.
Tədbir “Şuşam” kamera xorunun Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb. Ardınca tədbirin rəsmi hissəsində öz nitqi ilə çıxış edən “Marsol Group” və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, Milli Məclisin deputatı Vüqar İskəndərov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, “Destec Group”un İdarə Heyətinin sədri və ADNSU-nun rektor müşaviri Sakit Səmədov Marsol Karyera və İnkişaf Mərkəzinin həyata keçirdiyi layihənin gənc nəsil üçün olan əhəmiyyətini vurğulayıb və məzunları təbrik ediblər.
Tədbirin növbəti hissəsində “Gənc Sahibkar” layihəsinin iştirakçıları 13 fərqli startap-ın təqdimatını həyata keçiriblər. Təqdimat zamanı “New Space” şirkətinin rəhbəri Elçin Hüseynovun mentorluğu ilə startapçılar öz layihələri haqqında qonaqlara ətraflı məlumat verib və sualları cavablandırıblar.
Daha sonra gənclərin valideynlərinin təəssürat videosu izlənilib. Ardınca səhnəyə valideynlər adından çıxış üçün “BF Group” şirkətinin təsisçisi, “Marsol Group” partnyoru və 3 övladı Marsol Karyera və İnkişaf Mərkəzində təhsil alan Fizuli Bayramov dəvət olunub. O, öz çıxışında övladlarının bu layihədə iştirak etdikləri üçün çox qürurlandığını və gələcək karyeralarında onlara işıq tutacağını qeyd edib.
Ardınca tədbirin ərsəyə gəlməsində dəstək göstərən Məlhəm Beynəlxalq Hospital, “Mado” restoranlar şəbəkəsi və “TWC management consulting” şirkəti plaketlə təltif olunub.
Bununla yanaşı “Marsol” Karyera və İnkişaf Mərkəzinə Gələcəyin sahibkarları və peşələrarası səyahət layihəsi zamanı, gənc sahibkar qrupunun ofis-istehsalat ziyarətlərinin təşkilində dəstək olan “Marsol Group” partnyoru şirkətlər plaketlə təltif olunub.
Tədbirin sonunda gənclər diplom və mükafatlarını almaları üçün səhnəyə dəvət olunub. Qeyd etmək istəyirik ki, gənclər 1 illik təhsil müddətlərində təkcə 1 diplom yox 10-dan çox yerli və beynəlxalq sertifikatlar da qazanıblar. Nümunə olaraq Portuqaliyada, Kiprdə baş tutan biznes-turdan, İsveçrə Universiteti ilə birlikdə həyata keçirilən liderlik təlimindən, Tibb sahəsi ilə bağlı peşəkar həkimlər tərəfindən həyata keçirilən təlimlərdən, SƏTƏM ( Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) mövzulu təlimlərdən və BMT-nin İstanbulda baş tutan “Best Diplomats” layihəsində iştirakları zamanı əldə etdikləri çox sayda sertifikatları deyə bilərik. Bunlarla yanaşı gənclərin könüllülük fəaliyyətləri və bu fəaliyyətlərdən əldə etdikləri sertifikatları da var.
Ən sonda isə, “Marsol” Karyera və İnkişaf Mərkəzinin rəhbəri Nübar Mustafayeva bağlanış nitqi üçün səhnəyə dəvət olunub. Nübar Mustafayeva öz çıxışında 1 il boyunca gənclərlə birlikdə təşkil olunan dərslər, tədbirlər, ölkəxarici və daxili turlarla bağlı öz təəssüratlarını paylaşıb. Layihənin baş tutmasında dəstəyini göstərən müəllim heyətinə, dövlət qurumlarına və sahibkarlara öz təşəkkürlərini bildirib, məzunları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Rəsmilər, valideynlər və digər qonaqlar kollektiv foto çəkiliş üçün səhnəyə dəvət olunub.