Logo

Rektor beynəlxalq yarışda qalib gələn BMU komandaları ilə görüşüb - FOTO

07.05.2024 17:40 210 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Türkiyə Respublikasının Antalya şəhərində keçirilən “Robotex Türkiyə” Çempionatında birinci yerin qalibi olan komandaların üzvləri və mentorları ilə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Görüşdə BMU tələbələrindən ibarət qalib komandaları (“ROBOXIDE” və “A-MAZE”) təbrik edən universitetin rektoru Yaqub Piriyev beynəlxalq yarışın önəmini vurğulayıb. Rektor yarışın həsr edildiyi, bir çox müxtəlif sahəni birləşdirən robotexnika, eyni zamanda informasiya texnologiyaları əsaslı digər ixtisaslar üzrə peşəkar kadrlara olan tələbatdan söz açıb. İnformasiya texnologiyaları, xüsusilə də kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması istiqamətində görülən işlərə diqqət çəkən rektor BMU-da bu günlərdə açılan Kibertəhlükəsizlik laboratoriyasının tələbələrin rəqəmsal bilik və səriştələrinin inkişafını təmin edəcəyinə, onların bacarıqlarını daha da zənginləşdirəcəyinə inandığını bildirib.

Rektor qalib komandaların 15-16 noyabr 2024-cü il tarixlərində İtaliyanın paytaxtı Romada keçirilməsi nəzərdə tutulan yarışın növbəti mərhələsinə hazırlıq vəziyyəti, eləcə də tələbələrin qayğıları ilə maraqlanıb. Tələbələrin beynəlxalq yarışlarda yalnız BMU-nu deyil, ümumilikdə ölkəmizi təmsil etdiklərini önə çəkən Yaqub Piriyev bununla bağlı tapşırıq və tövsiyələrini verib.

Sonra komandaların mentorları, universitetin Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimləri Əli Həsənov, Elməddin Hüseynov, tələbələr və digər tədbir iştirakçıları çıxış ediblər.

Görüşün sonunda komanda üzvləri və mentorlara fəxri fərmanlar təqdim edilib.

Xəbər lenti