Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Aqrar və Ekoloji Pedaqogika Universitetində təcrübə və tədqiqat əsaslı mobillik proqramında iştirak hüququ qazanmış Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüş keçirilib.
AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirakçılara proqramla bağlı məlumat veriblər. Qeyd olunub ki, sözügedən mobillik AzTU-nun tərəfdaşı olduğu Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+ KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində həyata keçirilir.
İştirakçılar öz tədqiqat mövzularını təqdim edərək, proqramda iştirak zamanı fərdi elmi yaradıcılıq fəaliyyətləri və planları barədə məlumatlar veriblər.
Qeyd edək ki, mobillik poqramında iştirak edəcək magistratura və doktorantura səviyyələrində təhsil alan 6 tələbə və 1 akademik işçi 28 gün müddətinə layihənin avstriyalı tərəfdaşlarının rəhbərliyi ilə təcrübə və tədqiqat fəaliyyətinə cəlb olunacaqlar.