Fövqəladə Hallar Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda IX elmi-texniki konfrans keçirilib.
Tehsil.biz nazirliyə istinadən xəbər verir ki, konfransda FHN Akademiyasının professor-müəllim heyəti və kursantları ilə yanaşı, ölkədə fəaliyyət göstərən elmi müəssisələrin və ali təhsil ocaqlarının təmsilçiləri iştirak ediblər.
Konfransdan əvvəl Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, FHN-in Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən təşkil olunmuş kitab sərgisinə baxış keçirilib. Akademiyada təşkil edilmiş “Heydər Əliyev irsinin tədqiqi və təbliği” adlı sərgidə Ulu Öndərin azərbaycançılıq məfkurəsinin və zəngin dövlətçilik irsinin təbliğinə dair kitablar nümayiş olunub.
Sonra konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə və ali təhsil müəssisəsinin 15 illik fəaliyyətini əks etdirən Muzeylə tanış olublar.
Konfransın açılışında çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğı və diqqət göstərdiyini vurğulayaraq, Ulu Öndərin hakimiyyəti dövründə bu sahələrdə görülmüş işlərin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Dahi Rəhbərin müdrik siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan strateji vəzifələrdən biri insan kapitalının inkişafı, gənclərin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir.
Sonra tədbirdə ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının və elm müəssisələrinin nümayəndələri fövqəladə hallarla mübarizənin aktual problemlərinə dair müxtəlif məruzələrlə çıxış ediblər.
Daha sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında FHN-in Akademiyasının və ölkənin bir sıra ali təhsil məktəblərinin nümayəndələri tərəfindən müxtəlif mövzular üzrə məruzələr edilib, mövzular ətrafında geniş müzakirələr aparılıb.
Tədbirin sonunda fərqlənən konfrans iştirakçıları FHN Akademiyasının fəxri fərmanı ilə təltif olunublar.