Mayın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurası və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda gənclərlə görüş keçirilib.
YAP-dan "Tehsil.biz"ə bildiriblər ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirin moderatoru - YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti dövlətçilik məktəbidir. Onun sözlərinə görə, gənclər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla getməlidirlər. Çünki bu yolun alternativi yoxdur. A.Rəhimzadənin sözlərinə görə, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli Lider bugünkü müstəqil Azərbaycanın banisidir. Ulu Öndərin həyatı daim mübarizələrdə keçib və o, hər zaman qalib gəlib. Ona görə də Ulu Öndərimizin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.
YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərdən bəhs edib. Heydər Əliyevi böyük dövlət xadimi və güclü sərkərdə kimi xarakterizə edən D.Seyidzadə bildirib ki, bu dahi şəxsiyyət bütün həyatını Azərbaycana həsr edib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də gələcəyə doğru uğurla aparan şəxsiyyət idi.
D.Seyidzadə çıxışında Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. YAP Veteranlar Şurasının üzvü gənclərə tariximizi, o cümlədən Heydər Əliyev irsini dərindən öyrənməyi tövsiyə edib. Çünki bu irs, əslində, böyük dövlətçilik irsidir. “Hər bir gənc yüksək biliklərə yiyələnməli, qazandığı bilik və bacarıqları müstəqil ölkəmizin inkişafına həsr etməli və Prezidentimiz İlham Əliyevin siyasətinə dəstək olmalıdır”, - deyə o qeyd edib.
YAP Veteranlar Şurasının üzvü, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov bildirib ki, Azərbaycanın qazandığı uğurların bünövrəsi Heydər Əliyev amili ilə bağlıdır. Çünki Heydər Əliyev dünya miqyasında dahi siyasətçi və görkəmli dövlət xadimidir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin siyasətində ən vacib məqamlardan biri milli kadr potensialının formalaşdırılması ilə bağlı olub.
YAP Veteranlar Şurasının üzvü qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan davamlı olaraq inkişaf edir və güclənir.
Daha sonra gənclərin sualları cavablandırılıb.