Bakı Mühəndislik Universitetinin (BMU) müəllim və tələbə heyəti “Azertexnolayn” MMC-də təlim-tədris ekskursiyasında olublar.
Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.
BMU-nun Mexanika mühəndisliyi kafedrasının müdiri Asif Quliyev, kafedranın əməkdaşları Natiq Rzayev və Vurğun Qəhrəmanovun rəhbərliyi ilə mexanika mühəndisliyi və maşın mühəndisliyi ixtisasları üzrə təhsil alan I və III kurs tələbələrinin iştirak ediyi ekskursiya “Materialşünaslıq” və “Tökmə istehsalının əsasları” fənləri üzrə praktiki dərsin istehsalat şəraitində tətbiqi məqsədilə reallaşdırılıb.
MMC-nin məsul şəxsləri BMU heyətinə zavod haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, sənaye sahəsində mühüm layihələr həyata keçirən “Azərtexnolayn” ölkəmizdə sənaye infrastrukturunun inkişafı, mövcud potensialın daha da möhkəmlənməsi və müasirləşməsi istiqamətində mühüm rol oynayır. Şirkətin nəzdində yaradılan polad boru, politilen məmulatlar, texniki avadanlıqlar və çuqun tökmə zavodlarında istehsal edilən mallar dünyanın bir çox ölkələrinə ixrac olunur.
Ekskursiya zamanı istehsalat sahələri ilə tanış olan tələbələr fənn müəllimi və MMC-nin işçilərinin təlimatı ilə “Yığma sexində” siyirtmələrin yığım prosesini izləyib, “Çuqun tökmə” sexində tədris proqramına uyğun praktiki dəslər keçiblər.
BMU ilə “Azərtexnolayn” arasında əməkdaşlığa əsasən, növbəti tədris illərində sözügedən ixtisaslar üzrə müvafiq fənlərdən bəzi praktiki dərs və seminarların MMC-də təşkili nəzərdə tutulur.