Dövlət İmtahan Mərkəzi mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək.
Mərkəzdən "Tehsil.biz"ə verilən məlumata görə, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı baş tutacaq.
İmtahan, ümumilikdə 21 şəhər və rayonda, 112 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
Bu il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahanda ümumilikdə 24 987 (Bakıda 17403, Sumqayıtda 877, Abşeronda 899, Naxçıvanda 86, Gəncədə 1548, Şəmkirdə 89, Tovuzda 203, Mingəçevirdə 186, Yevlaxda 92, Şəkidə 158, Zaqatalada 343, Balakəndə 242, Qəbələdə 205, Qaxda 176, Bərdədə 235, Göyçayda 207, Şirvanda 348, Lənkəranda 336, Qubada 237, Qusarda 530, Xaçmazda 587) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 112 ümumi imtahan rəhbəri, 294 imtahan rəhbəri, 2341 nəzarətçi ayrılıb, 346 buraxılış rejimi əməkdaşı (mühafizə), 112 bina nümayəndəsi ayrılıb.
İmtahanda 30 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edəcək. Bu şəxslərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.