ABŞ hökumətinin qəbul etdiyi yeni qərara görə, Çinin “ByteDance” holdinq kompaniyası “TikTok”u satışa çıxarmalıdır, əks halda, bu tətbiqin Birləşmiş Ştatlarda istifadəsinə qadağa tətbiq ediləcək.
"Tehsil.biz"in xarici KİV-ə istinadən məlumatına görə, kompaniya hesab edir ki, bu qərar söz azadlığının pozulmasıdır və Çin iqtisadiyyatına ziyan vurur.
Kompaniya amerikalı istifadəçilərin Çindəki serverdən ayrılmasına 1,5 milyard dollar xərcləməyə hazırdır, hətta ABŞ-ın “Oracle” şirkətinin onlara nəzarət etməsinə razı olub. “ByteDance” holdinq kompaniyası bildirir ki, ABŞ-ın tətbiq etdiyi qadağa “TikTok”u proqram şifrinin “milyonlarla sətrini” yeni sahibinə təhvil verməyə məcbur edəcək.
Konqresin də təsdiq etdiyi bu qanun “TikTok”un 2025-ci il yanvarın 19-dək faktiki bağlanmasına səbəb olacaq və onun 170 milyon amerikalı istifadəçisini səs hüququndan məhrum edəcək. Belə ki, platforma başqa resurslarda həyata keçirilməsi mümkün olmayan səviyyədə özünüifadə və ünsiyyət imkanları təqdim edir.
Bundan sonra “TikTok”un iddialarının nə dərəcədə əsaslı olduğunu və sözügedən qanunun söz azadlığına, habelə ABŞ Konstitusiyasına uyğunluğu məsələsini məhkəmə həll edəcək.