Mayın 7-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda 2024/2025-ci tədris ili üzrə FHN-in Akademiyasına qəbul olmaq üçün sənəd verən abuturiyentlərin fiziki hazırlıqlarının qiymətləndirilməsi üzrə seçim turu keçirilib.
Tehsil.biz nazirliyə istinadən xəbər verir ki, seçim turunda abituriyentlər müəyyən olunmuş idman normativləri üzrə bacarıqlarını sınayıblar.
Seçim turunda FHN yanında İctimai şuranın sədri Fuad Hacızadə və sədrin müavini Vəfa Abbasova da iştirak edib. İctimai şuranın nümayəndələri tərəfindən seçim turunun təşkili, abituriyentlərin çıxışları və qiymətləndirmə prosesi yaxından izlənilib. Yekun olaraq, Şura üzvləri turun yüksək səviyyədə təşkil edildiyini, şəffaflıq, bərabərlik və ədalət prinsiplərinin təmin olunduğunu qeyd ediblər.
İdman normativləri üzrə hazırlıqlarını sınayan 292 abituriyentdən 243 nəfər məqbul nəticələr göstərərək, seçim turunun növbəti mərhələsinə vəsiqə qazana bilib.
Tədbirdən sonra İctimai şuranın nümayəndələri İdman-sağlamlıq klubunun fəaliyyəti ilə, burada yaradılmış şəraitlə yaxından tanış olublar.
Klubun rəisi polkovnik Füzuli Musayev Şura üzvlərinə klubun fəaliyyəti haqqında ətraflı məlumat verərək burada yerli və beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib. O, il ərzində Nazirliyin strukturuna daxil olan qurumlar arasında müxtəlif idman növləri üzrə yarışların keçirildiyini, həmçinin Nazirliyin əməkdaşlarının mütəmadi olaraq həm beynəlxalq, həm də yerli yarış və turnirlərdə mübarizə apardıqlarını və Azərbaycanın üçrəngli bayrağının idman arenalarında layiqincə dalğalandırdıqlarını vurğulayıb.
Sonra Şura üzvləri Klubda Ulu Öndərin idmanın inkişafı istiqamətində gördüyü işləri özündə əks etdirən Heydər Əliyev Muzeyində geniş ekspozisiya və fotoguşələrlə tanış olub, idman zalları və üzgüçülük hovuzuna baxış keçiriblər.
İctimai şuranın üzvləri İdman-sağlamlıq klubunda yaradılmış şəraiti və klubun fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.