Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında (Akademiya) ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə ölkənin xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyəti ilə yanaşı, Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və Milli Məclisin deputatı Etibar Əliyev iştirak ediblər.
Akademiyanın rəisi polkovnik Elşad Nəsirov bu il may ayının 10-da müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün tamam olduğunu diqqətə çatdırmb, milli dövlətçilik ənənələrimizin yenidən bərqərar edilməsi və ölkəmizdə demokratik prinsiplərə əsaslanan hüquqi dövlətin qurulmasının məhz ümummilli liderin adı ilə bağlı olduğunu qeyd edərək ulu öndərin doğma vətəni və xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən ətraflı söhbət açıb.
Ardınca Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ziyafət Əsgərov ulu öndərin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdiyini və Azərbaycanda hüquqi dövlət quruculuğu strategiyasının müvəffəqiyyətlə reallaşdığını vurğulayıb, dahi rəhbərin müstəqil respublikamızın ilk Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində gərgin əməyindən bəhs edib.
O bildirib ki, Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi hüquqi islahatlar bu gün möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilir.
Sonra digər natiqlər - Milli Məclisin deputatı Etibar Əliyev və Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov ulu öndər barədə öz çıxışlarını edib, belə bir konfransın keçirilməsinin əhəmiyyətinə toxunaraq, bu tədbirin Heydər Əliyevin dövlətçilik amallarının və vətənpərvərlik irsinin təbliği baxımından önəminə toxunublar.