Logo

Aİİ əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib - FOTO

08.05.2024 20:34 217 baxış
IMG

Gürcüstanın Tbilisi şəhərində “Bölünmüş dünyada körpülər tikmək” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir Baskervil İnstitutu, Briqam Yanq Universiteti, Pakistan Müsəlman İnstitutu və “Stirling” Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Bu barədə "Tehsil.biz"ə Aİİ-dən məlumat verilib.

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarov tədbirdə ölkəmizi təmsil edib.

Alim konfransda “Dözümsüzlüyün aradan qaldırılmasında dini maarifləndirmənin rolu: Azərbaycan nümunəsi” və “Harmoniya axtarışında: iman və ağlın səslərini uzlaşdırmaq: fəlsəfə və din baxımından birgəyaşayışın təməl dəyərlərinin təhlili” mövzularında məruzələr edib.

A.Qafarov müxtəlif ölkələrdə və cəmiyyətlərdə mədəni fərqliliyə yanaşmanın birmənalı olmadığını, dünyanın hələ də ciddi mənəvi böhran yaşadığını vurğulayıb. Həmçinin dözümsüzlüyün aradan qaldırılmasında dini-fəlsəfi maarifləndirmənin rolundan bəhs edib. O, multikulturalizm və birgəyaşayış fəlsəfəsi istiqamətində Azərbaycanın nümunə ölkələrdən biri olduğunu qeyd edib, respublikamızın bu istiqamətdə atdığı ciddi addımlardan, o cümlədən Aİİ-nin sözügedən sahədəki təhsil strategiyasından danışıb.

Aİİ-nin kafedra müdiri A.Qafarov birgəyaşayış problemini fəlsəfi-dini aspektlərdən müzakirə obyektinə çevirib, onun təməl dəyərlərini təhlil edib. Həmçinin məruzədə məşhur filosof və din alimlərinin mövzu ilə əlaqədar fikir və yanaşmalarına müqayisəli şəkildə yer verilib.

Konfransda ABŞ, Pakistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Qətər, Əfqanıstan, Pakistan, Rusiya və İrandan gəlmiş, müxtəlif sahələrdə tədqiqat aparan alimlər və filosoflar iştirak ediblər.

Xəbər lenti