Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” mövzusunda respublika elmi konfransı keçirilib.
Tehsil.biz xəbər verir ki, konfransda çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov ölkəmizdə elmi potensialın inkişafının müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Rektor bildirib ki, Ulu Öndərin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə minlərlə azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi, ölkədə ümumi və ali təhsilin əhatə dairəsi genişləndirildi, fundamental elmi tədqiqatların həyata keçirilməsinə başlanıldı. Bu çoxşaxəli siyasət Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, elm və təhsil sahəsində davamlı islahatlar və yeniliklər həyata keçirilir.
Sonra mövzu ətrafında məruzələr dinlənilib.
Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Anar İsgəndərov “Tarix yaradan və tarixi yazan Dahi”, “İki sahil” qəzetinin baş redaktoru professor Vüqar Rəhimzadə “Heydər Əliyev və Azərbaycan mətbuatı”, ADPU-nun prorektoru professor Asəf Zamanov isə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzə ediblər.
ADPU-nun Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədov məruzələr ətrafında çıxış edib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, riyaziyyat və təbiət elmləri üzrə Arəstə Həbibova və Eldar Muradlı II yerə, Ülviyyə Aslanova və Xumarə Qəhrəmanlı III yerə, humanitar, ictimai, pedaqoji-psixoloji elmlər üzrə isə Könül Həsənova və Sərxan Cəfərov I yerə, Aygün Kərimova isə III yerə layiq görülüblər.
Qaliblərə diplom və mükafatlar təqdim olunub.