Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin, Tələbə Elmi Cəmiyyətinin “Savalan” şərab zavodu ilə birgə universitet-sənaye iş birliyinin gücləndirilməsi istiqamətində müəssisələrlə əlaqələrin genişləndirilməsi, həmçinin regionda yaşayan tələbələrin bazar iqtisadiyyatı şəraitində karyera imkanlarına dəstək göstərilməsi məqsədilə tələbə elmi seminarı keçirilib.
Tehsil.biz xəbər verir ki, seminar Qəbələ şəhərində “SAVALAN-ASPI VAYNERI” MMC-nin zavodunda təşkil edilib.
Görüşdə birgə layihələrin icrası, ixtisasartırma kursları, xüsusilə qida mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr üçün təcrübə və təqaüd imkanları, universitetdə laborator imkanların gücləndirilməsi, regional aspekti nəzərə alaraq məzunların işlə təmin olunmasına dair mövzularda müzakirələr aparılıb.
Tədbirdə çıxış edən “SAVALAN-ASPI VAYNERI” MMC-nin direktoru Əjdər Şəfizadə “Savalan” üzüm emalı və şərab istehsalı müəssisəsində müasir texnologiyaların tətbiqi əsasında şərab məhsullarının istehsalı barədə ətraflı məlumat verərək bildirib ki, 2007-ci ildən fəaliyyət göstərən müəssisədə 2010-cu ildən şərab istehsalına başlanılıb. Eyni zamanda, hazırda 24 çeşiddə şərab məhsullarının istehsal olunmasını və onların yerli bazarla yanaşı Rusiya, Türkiyə və bir sıra Avropa ölkələrinə ixrac edilməsini seminar iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin, müəssisənin Qəbələ və İsmayıllı rayonlarının ərazisində 350 hektar üzüm sahəsinin mövcud olduğunu vurğulanıb.
Tədbirdə çıxış edən “SAVALAN-ASPI VAYNERI” MMC-nin direktor müavini texnika üzrə fəlsəfə doktoru Cahangir Şəfizadə “Yerli və introduksiya olunmuş üzüm sortlarından yüksəkkeyfiyyətli qırmızı süfrə şərabının hazırlanma texnologiyasının təkmilləşdirilməsi” mövzusunda müəllifi olduğu dissertasiya işinin əhəmiyyəti, onun elmi yeniliyi, praktik əhəmiyyəti və istehsalatda tətbiqi barədə seminar iştirakçılarına geniş məlumat verib.
Daha sonra Qida mühəndisliyi fakültəsi, Qida məhsullarının ekspertizası kafedrası və ATU Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən seminarda şərabçılıq ixtisasının tələbələri - Aysel Cəfərova “Almaniyada şərabçılığın inkişaf tendensiyası”, Vəsilə Nağıyeva “Şərabçılıqda əzici-daraqayıran maşınların perspektivliyi və əhəmiyyəti”, Səbinə Qasımova “Azərbaycanda şərabçılıq”, Abulhəyat Süleymanlı “Azərbaycanda istehsal olunan konyaklar” mövzularında məruzələrlə çıxış ediblər.
Açıq dialoq şəklində davam edən seminarda tələbələr zavodun mütəxəssisləri ilə şərabçılıqla bağlı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində tələbələr zavodda məhsulun qəbulu və emalı sexləri, istehsal prosesində istifadə olunan texnoloji avadanlıqlar, onların iş prinsipi ilə yaxından tanış olublar.
Tədqiqat laboratoriyasında qida məhsullarının tədqiqi üsulları və avadanlıqları haqqında tələbələrə geniş məlumat verilib. Sonda dequstasiya zalında məhsulların dad meyarlarının müəyyən olunması xüsusiyyətləri də tələbələrin diqqətinə çatdırılıb.