Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyinə həsr olunmuş “BDU qocaman müəllimlərin gözü ilə” layihəsi çərçivəsində Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Azad Rzayev tələbələrə ustad dərsi keçib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, ustad dərsində Azad Rzayev əyani arxiv materialları əsasında BDU-nun təsis edilməsi, parlamentdə ali məktəbin yaradılması ilə bağlı aparılan gərgin mübarizədən, universitetin inkişaf mərhələlərindən söz açıb. Bildirib ki, Şərqin ilk mütərəqqi təhsil ocaqlarından olan BDU zəngin tarixi keçmişə malikdir.
Azad Rzayev BDU-nun müsəlman Şərqinin yeni tipli ilk ali təhsil müəssisəsi kimi Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu, bu müqəddəs təhsil ocağının vətənpərvər ziyalıların, elm, təhsil və mədəniyyət fədailərinin milli təəssübkeşliyi, əzmkarlığı və mübarizəsi sayəsində yarandığını deyib. Respublikada fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin, o cümlədən Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universitetinin BDU-nun bazasında yaradıldığını bildirən Azad Rzayev qeyd edib ki, Bakı Dövlət Universiteti yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalı yetişdirib. BDU-nun inkişafında yeni və mühüm mərhələ 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başlayıb. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşib. Ali təhsil ocağının 50 illik yubiley tədbirlərinə Ulu Öndər Heydər Əliyevin şəxsən rəhbərlik etməsi, universitetə daimi qayğısı BDU-nun nüfuzunu daha da artırıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində BDU inkişafının növbəti mərhələsinə qədəm qoyub. Ulu Öndər məzunu olduğu bu təhsil ocağına daim xüsusi qayğı göstərib. Bu gün həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Universitet son 20 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Prezidentin müvafiq Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
Görüş iştirakçıların böyük marağına səbəb olub.