Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv tələbə gənclər təşkilatları Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mayın 6-10-da “Xatirələrdə yaşayan lider” həftəsi çərçivəsində silsilə tədbirlər keçirib.
ATGTİ-nin mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, həyata keçirilmiş layihələr fonunda tələbə gənclər xalqımızın Ümummilli Lideri Heydər Əliyevi dərin ehtiramla anıblar.
Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən 70-dən çox tələbə gənclər təşkilatı “Əbədiyaşar lider” bədii tədbiri, “101 - Əbədi xatirə” adlı görüş, “101 İL” futbol çempionatı, debat turniri, Azərbaycan Respublikasının dövlət xadimi Həsən Həsənovun iştirakı ilə görüş, “İntellekt 2024” intellektual yarış, gənclər forumu, görüşlər, ekskursiyalar və dəyirmi masalar keçirib. Tələbə gənclər tərəfindən Bakı və regionlarda olan Ulu Öndər Heydər Əliyevin abidəsi ehtiramla ziyarət edilib.
Ali və orta ixtisas təhsili müəssisələrinin vətənpərvərlik klubları Heydər Əliyev haqqında ekskursiyalar, mədəniyyət və incəsənət klubları ədəbi-bədii gecə, intellektual oyunlar klubları turnirlər və tarix klublarının təşkilatçılığı ilə Ulu Öndərin tarix boyu gənclər üçün gördüyü işlər barədə mühazirələr təşkil olunub.
ATGTİ-nin təşkilatçılığı, Gənclər Fondu, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun dəstəyi ilə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş 400 tələbənin iştirakı ilə “İpək Yolu Beynəlxalq Gənclər Forumu” adlı tədbir keçirilib.
Xalqımızın Ümummilli Liderinin 101-ci ildönümü ilə əlaqədar ATGTİ və Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə 3500-dən çox tələbə gənc Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər.