Logo

ADPU-nun Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Gələcəyə addım” III elmi konfransı keçirilib

13.04.2021 16:40 1526 baxış
IMG

Aprelin 12-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) onlayn “Gələcəyə addım” III elmi konfransı  keçirilib.

 

Microsoft Teams platforması üzərindən keçirilən konfransda ADPU-nun rektoru professor Cəfər Cəfərov, Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Beynəlxalq əlaqələr  üzrə prorektor professor Mahirə Hüseynova, Ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, Tədris departamentinin direktoru Sənan Əliyev şöbə müdirləri, fakültə dekanları, kafedra müdirləri, ADPU-nun və Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak edib. Konfransa  ümumilikdə 300-dən çox iştirakçı qatılıb.  


Konfransı giriş sözü ilə açan  Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov deyib: “100 illik tarixə malik Azərbaycan Dövlət Pedaqoji Universiteti yeni inkişaf mərhələsinə qədəm qoyub. Aparılan məqsədyönlü islahatlar təlim və tədrisin məzmununun dəyişməsinə, ADPU-nun müəllim hazırlığını həyata keçirən lider universitetlərdən birinə çevrilməsinə səbəb olmuşdur. Fizika fakültəsi ilk dəfə 2017-ci ildə TEC-in “Gələcəyə addım” I elmi konfransını keçirib. Həmin ildən bəri keçirilən konfrans pandemiya şəraitinə uyğun olaraq 2021-ci ildə onlayn formatda baş tutur. Mövcud şəraitə baxmayaraq konfransa göstərilən diqqət və maraq olduqca böyükdür. Konfransa müxtəlif ali təhsil müəssisələri də daxil olmaqla rekord sayda – 86 tezis təqdim edilib. Konfrans iştirakçılarının hər birinə sertifikat, hər bölmə üzrə   3 ən yaxşı çıxış edən tələbəyə diplom veriləcək. Konfransın materialları dərc olunacaq.”


Rektor prof. C. Cəfərov konfrans iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayaraq öz fikirlərini bölüşüb: “Hörmətli konfrans iştirakçıları, əziz müəllimlər və tələbələr! Konfransın  onlayn formatda keçirilməsinə  baxmayaraq  sizlərlə görüşməyimə çox şadam. Fizika fakültəsi universitetimizin aparıcı fakültələrindən biridir. Bu sahədə Tələbə Elmi Cəmiyyətinin  xətti ilə görülən işlər çox önəmlidir. Həm müəllimlər, həm də tələbələr sırasında yeniliyə cəhdlər var, bu olduqca vacibdir. Əsas məqsədlərdən biri dünya təcrübəsinin öyrənilməsi, müasir innovasiyaların tətbiqidir. Hal-hazırda Fizika fakültəsində STEM layihəsi ilə bağlı laboratoriyanın yaradılması istiqamətində  mühüm işlər görülür. Bütün bunlar universitetdə aparılan islahatların əsasını təşkil edir.” 


Prof. A. Zamanov universitetdə elmi-pedaqoji kadr hazırlığı ilə bağlı geniş məlumat verərək ADPU-da dərc olunan elmi nəşrlər və jurnalların nüfuzunun artdığını diqqətə çatdırıb. Pandemiya şəraitinə baxmayaraq  2021-ci ildə doktorantura və dissertanturaya qəbul imtahanı və müsahibələrin mövcud tələblərə uyğun formada keçirildiyini bildirib. 


BDU-nun Nəzəri fizika kafedrasının müdiri dosent Məmməd Rəcəbov konfransa dəvət edildiyi üçün minnətdarlığını bildirərək elm, təhsil və innovasiya sahəsində ölkədə və dünyada gedən proseslərdən söz açıb.  


Fakültə TEC sədri dosent Xatirə  Adgözəlova 2017-ci ildən indiyə qədər TEC xətti ilə görülən işlər haqqında təqdimatla çıxış edib. O, çıxışında tələbələrin fəaliyyəti, ekskursiyalar, konfranslar, tədbirlər və müxtəlif layihələr haqqında ətraflı məlumat verib. 


Rəsmi hissənin ardınca konfrans fəaliyyətini  6 bölmədə davam etdirib. Bölmə iclaslarında Microsoft Teams platformasında yaradılmış komandalarda komissiya üzvləri və tələbələr iştirak edirdi.  Tələbələr müvafiq komandalarda onlayn formatda çıxış etdilər. Sonda bölmə sədrlərinin hesabatı dinlənildi. Bununla da konfrans işini yekunlaşdırıb.

Xəbər lenti