Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Qafqazdan dünyaya doğan günəş” adlı tədbir keçirilib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Ümummilli Liderin gələcək nəsillərə örnək ömür yolundan, onun zəngin irsinin daim araşdırılması və gənc nəslə aşılanmasının zəruriliyindən, sovet dövründə və müstəqillik illərində dövlət, millət və ordu quruculuğu, həmçinin elm və mədəniyyət sahəsində həyata keçirdiyi mühüm addımlardan söz açıb. Ana dilimizə və ədəbiyyatımıza göstərdiyi xüsusi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi Aytəkin Mirzəyeva Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, mədəni və sosial-siyasi həyatda layiqli yer tutması, dünya diplomatiyasına yol tapmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri haqqında məlumat verib, dahi liderin XX əsrin görkəmli natiqlərindən biri kimi bənzərsiz keyfiyyətlərindən danışıb.
Tədbir musiqili ədəbi proqramla davam edib.