Logo

Çinin Şansi əyalətinin nümayəndə heyəti AZƏRTAC-da olub

11.05.2024 13:44 311 baxış
IMG

Azərbaycan və Çin arasında informasiya sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Tehsil.biz xəbər verir ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevlə Çinin Kommunist Partiyasının Şansi əyaləti Komitəsinin İctimaiyyət Departamentinin baş direktoru Daquanq Sanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iki ölkənin media sahəsində əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Vüqar Əliyev AZƏRTAC-ın Çinin Sinxua agentliyi ilə tərəfdaşlıq münasibətlərindən danışaraq hər iki agentliyin mütəmadi olaraq informasiya mübadiləsi apardıqlarını, beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiklərini, birgə layihələr həyata keçirdiklərini bildirib. Qeyd olunub ki, AZƏRTAC-ın xəbər yayımladığı 8 dildən biri də Çin dilidir. Agentlikdə Konfutsi İnstitutu ilə birgə əməkdaşlar üçün Çin dili təlimləri təşkil olunur.

AZƏRTAC-ın işğaldan azad olunan ərazilərdə informasiya fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, hazırda həmin torpaqların minalardan təmizlənməsi ən əsas problemlərdən biri olaraq qalır.

Daquanq San Azərbaycana səfər çərçivəsində Şansi vilayətinin mədəni irsinin təqdim ediləcəyini və bu məqsədlə təqdimat keçiriləcəyini qeyd edib, bununla əlaqədar nümayəndə heyətinə əsasən mədəniyyət sahəsini təmsil edən şəxslərin daxil olduğunu diqqətə çatdırıb. O, Çinlə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələr qurulduğunu və Şansi əyalətinin Sian şəhərinin Böyük İpək yolunun başlanğıc nöqtəsi olduğunu deyib. Azərbaycanın uğurla inkişaf etdiyini vurğulayan Daquanq San burada olmaqdan məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti