Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən Müdafiə Nazirliyinin baş idarə və idarələri arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunan minifutbol turnirinin bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, final oyununda qaliblər müəyyənləşdirilib.
Qaliblərin mükafatlandırılması mərasimində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev çıxış edərək Ulu Öndərin həyatından, ordu quruculuğuna verdiyi töhfələrdən danışıb. Belə tədbirlərin Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji və fiziki hazırlıqlarının yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Bağlanış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi turnir iştirakçılarını təbrik edib.
Sonra Baş Qərargah rəisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunan minifutbol turnirinin kubokunu qalib komandaya təqdim edib.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin hazırladığı konsert proqramı ilə yekunlaşıb.