ADA Universitetində COP29-a hazırlıqla bağlı Millətlər Birliyinin baş katibi Baronessa Patrisiya Janet Skotlandın iştirakı ilə tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsindən, gənc nəslin ekoloji problemlərlə bağlı necə mübarizə aparması məsələlərindən danışılıb.
Tədbirdə, həmçinin Tahir Gözəl adına İnkişaf təşəbbüsünün prezidenti Tahir Gözəl çıxış edib. O bildirib ki, qlobal ekoloji problem nəticəsində hər il 34 min canlı məhv olur. Paris razılaşması ilə ilk dəfə bütün ölkələr, yəni inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bir araya gələrək ekologiya üzrə saziş bağlayıblar. Tahir Gözəl dünyanın ekoloji vəziyyətinin acınacaqlı olduğunu qeyd edib.
Millətlər Birliyinin baş katibi Baronessa Patrisiya Janet Skotland çıxışında iqlim dəyişikliyinin fəsadlarına toxunaraq deyib: “Təəssüf ki, biz bəlkə də iqlim dəyişikliyi ilə bağlı nəsə etməyə qadir olan son nəsilik. Ən pisi odur ki, iqlim dəyişikliyindən əziyyət çəkən inkişaf etməkdə olan ölkələrdir, lakin onlar ekologiyaya ən az ziyan verən ölkələrdir”.
Baronessa Patrisiya Janet Skotland çıxışında Azərbaycanda keçiriləcək COP29-un önəmli olduğunu vurğulayıb. O deyib: “İndiyə qədər ekologiyadan ən çox əziyyət çəkən kasıb ölkələr səslərini dünyaya eşitdirməyə qadir deyildilər. Onların problemləri heç vaxt dinlənilməyib. Bu məsələlər ilk dəfə Azərbaycanda müzakirə olunacaq. Dünyanın bu mövzuya heç vaxt önəm vermədiyi halda, ilk dəfə Azərbaycan buna dəyər verib”.
Millətlər Birliyinin baş katibi, həmçinin süni intellektdən istifadənin əhəmiyyətinə toxunub. Qeyd edib ki, gənclər ondan istifadə edərək dünyanı yaşamaq üçün daha yaxşı yer edə bilələr.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld və Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da iştirak ediblər.