Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov son illərdə şöbə tərəfindən təşkil edilən tədbirlərdən danışıb. Həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı universitetdə müxtəlif tədbirlər keçirilir.
Şöbə müdiri Rəşad Sadıqov Ulu Öndər Heydər Əliyevin fenomenal şəxsiyyəti, dahiliyi, uzaqgörən siyasəti, xalqımız üçün misilsiz xidmətləri, onun uğurlu siyasətinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini xüsusilə vurğulayıb.
Daha sonra magistrantlar “Azərbaycan tarixində Heydər Əliyev fenomeni”, “Heydər Əliyev və milli-mənəvi dəyərlər, milli dilimiz”, “Ulu Öndərin elm və təhsil konsepsiyası”, “Multikultural yaşam tərzinin fəlsəfəsini yaradan şəxsiyyət”, “İlham Əliyev – Heydər Əliyev siyasətinin uğurlu davamçısı” mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş, eləcə də Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi vaxtı və ondan sonrakı dövrdə səsləndirdiyi tarixi çıxışlarından ibarət videoçarxlar nümayiş olunub.