Paytaxt məktəblilərinin iştirakı ilə Qobustan Milli Tarix-Bədii Qoruğunda “Qayalar üzərində tarix” mövzusunda açıq dərs təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, 32 nömrəli tam orta məktəbin V və VI sinif şagirdləri üçün keçirilən açıq dərsin məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji aksiya keçirmək, Qobustan abidəsinin tarixi barədə məktəblilərə ətraflı məlumat vermək, onları eramızdan əvvəllərə aid qayaüstü təsvirlər və onların yaranma səbəbləri ilə tanış etmək və tarixə ekskursiyadan ibarətdir.
Dərsdə şagirdlərə bildirilib ki, UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınmış Qobustan qoruğunda qədim insanların həyat və məişəti qayaüstü təsvirlərdə canlanır. Qobustanda 6 mindən çox petroqlif mövcuddur. Onlardan ən qədimi 40 min il əvvələ aiddir. Burada Paleolit dövründən orta əsrlərə qədər insanların məskunlaşdığı mağaralar, yaşayış yerləri və qəbir qalıqlarına rast gəlmək olar.
Bundan əlavə, şagirdlər qoruq ərazisindəki muzey və mağaralarla yaxından tanış olaraq Mezolit dövrü haqqında geniş məlumat əldə ediblər. Həmçinin dərs zamanı məktəblilər gördükləri mənzərələrin rəsmlərini çəkib, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıblar.
Daha sonra məktəbin müəllim və şagirdləri “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar qoruq ətrafında təmizlik işləri aparıblar.