Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Baytarlıq” və “Əczaçılıq” ixtisasları üzrə sonuncu kursda təhsil alan tələbələr və həmin ixtisaslar üzrə təhsilini son 5 ildə başa vurmuş məzunlar üçün təlim-təcrübə kursuna başlanıb.
Bu barədə "Tehsil.biz"ə AQTİ-dən məlumat verilib.
Kursun təşkil edilməsində məqsəd müvafiq sahələr üzrə kadr potensialının artırılması, gənc, motivasiyalı və perspektivli baytarlarla əczaçıların işə qəbulu və kadr ehtiyaclarının ödənilməsidir.
AQTİ və ADAU arasında mövcud olan “Əməkdaşlığa dair Anlaşma Memorandumu”na uyğun olaraq keçirilən təlim-təcrübə kursu müvafiq sahələr üzrə yalnız nəzəri və praktiki deyil, həm də mövcud qanunvericiliklə bağlı məsələləri əhatə edir. Hazırda iştirakçılar üçün onlayn təlimlər təşkil olunur. Daha sonra isə onlar İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında istehsalat təcrübəsi keçəcəklər.
Təlim-təcrübə kursunun yekununda iştirakçıların qiymətləndirilməsi aparılacaq və uğur qazananlara sertifikat veriləcək. Bundan əlavə, onlar müvafiq müsahibədən keçirilərək AQTİ-də ixtisaslarına uyğun işlə təmin olunacaqlar.