Logo

Biofizika İnstitutunda xərçəng hüceyrələrinin tədqiqi ilə bağlı elmi seminar keçirilib

13.05.2024 19:20 155 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Xərçəng hüceyrələrində hem oksigenaza-1in həddindən artıq ekspressiyasının şiş anqiogenezinə təsiri” mövzusunda elmi seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib. 

Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov elmi seminarların alim və gənc mütəxəssislər üçün faydalı olduğunu vurğulayaraq mövzunun aktuallığı barədə məlumat verib. 

Almaniyanın Vitten Herdeke Universitetinin elmi işçisi Telli Mirzəyeva “Xərçəng hüceyrələrində hem oksigenaza-1in həddindən artıq ekspressiyasının şiş anqiogenezinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Gənc tədqiqatçı təqdimatında xərçəng əlamətlərinin terapevtik hədəflənməsi, hem oksigenaza-1 (HO-1), vaskulogenez, angiogenez və onun tənzimlənməsi, angiogenik siqnal yolları, C3H siçan modelinə yeridilmiş HO-1-i həddindən artıq ekspressiya edən şiş hüceyrələri ilə eksperimentin sxemi haqqında geniş məlumat verib. Həmçinin məruzədə SCC VII hüceyrələrinin C3H siçanlarına inyeksiyasından 1 ay sonra şiş nümunələrinin histoloji analizi, genetik cəhətdən dəyişdirilmiş SCC VII hüceyrə xətlərinin yaradılması, Image-J-dən istifadə edərək damar sahəsinin ölçülməsi haqqında məlumatlar yer alıb. Qeyd edilib ki, bir çox nəşrlər xərçəngə qarşı terapevtik strategiyaların təkcə xərçəng hüceyrələrini deyil, həm də şişin mikromühitini - qeyri-xərçəng mənşəli hüceyrələri, eləcə də şişdəki hüceyrəsiz stromal komponentləri hədəf almalı olduğunu göstərir. Bir sıra tədqiqatlarda hem oksigenaza-1 tez-tez xərçəng hüceyrələrində həddindən artıq ekspressiya olunduğu, bunun da angiogenezin artması və şişin böyüməsinin artması ilə müşayiət edildiyi qeyd olunub. Lakin məlum olub ki, HO-1 paradoksal ikiqat təsirə malikdir. Bir tərəfdən, HO-1 ekspressiyasının artması normal hüceyrələrdə DNT-nin zədələnməsi və kanserogenezin başlanması riskini azaldır. Digər tərəfdən, onkogenezin sonrakı mərhələsində, HO-1-in həddindən artıq ekspressiyası xərçəng hüceyrələrinin yayılmasına və invazivliyinə kömək edə bilər.

Telli Mirzəyeva tədqiqatın məqsədinin siçanların skuamöz (yastı) hüceyrə karsinomasında HO-1-in angiogenezə təsirini araşdırmaq olduğunu vurğulayıb. 

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti