Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Ədəbiyyatşünaslıq” klubunun təşəbbüsü ilə görkəmli Azərbaycan şairi Əli Tudənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, elmi seminarda Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Almaz Məmmədova görkəmli şairin həyatı və yaradıcılığı, əsərlərinin ideya-bədii xüsusiyyətləri haqqında məruzə edib. O bildirib ki, mühacir Azərbaycan şairi Əli Tudə poeziyasında Vətən və ayrılıq motivləri üstündür. Vətənin azadlığı, müstəqillik arzusu başlıca yer tutan bu şeirlərdə Cənub həsrəti, istiqlal nəğmələri, azadlıq hissləri geniş şəkildə qələmə alınıb. Bu əsərlərin əsas leytmotivi Vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümüdür. Poeziya yaradıcılığında siyasi lirikaya böyük önəm verən şair Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biri hesab edilir.
Tədbir tələbələrin ədəbi-bədii çıxışları ilə davam edib.