Logo

AMEA-da xarici seysmoloq alim və mütəxəssislərlə görüş olub - FOTO

14.05.2024 16:06 149 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.

Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, görüşdə ABŞ, Kanada, Türkiyə, Moldova, Ukrayna, Gürcüstan, Özbəkistan kimi ölkələrdən 30-a yaxın nümayəndə iştirak edib.

Görüşdə akademik İsa Həbibbəyli Azərbaycanda seysmologiya xidmətinin əsaslarının Ulu Öndər Heydər Əliyev tərəfindən yaradıldığını, onun göstərdiyi dəstək sayəsində inkişaf etdiyini və Prezident İlham Əliyevin ölkə həyatının bütün sahələrində olduğu kimi, seysmologiyanın da inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.

AMEA rəhbəri Azərbaycanda seysmik tədqiqatların ən müasir avadanlıqlar və proqram təminatından istifadə edilməklə aparıldığını söyləyib, Respublika Seysmoloji Xidmət Mərkəzinin xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində yaxın zamanda ilk seysmoloji mərkəzin istifadəyə veriləcəyini diqqətə çatdırıb.

Sonra ABŞ Enerji Departamentinin Layihələr üzrə nümayəndəsi Viliam Vanderer, Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinin direktoru professor Tea Qodoladze, Kanadanın Viktoriya Universitetinin professoru Tuna Onur, Özbəkistanın nümayəndəsi Bosiddin Faxraddinov və Amerikanın Missuri Universitetinin professoru Erik Sandvol çıxış edərək Azərbaycanla elmi əməkdaşlığın, beynəlxalq layihələrin, seysmoloji tədqiqatların aparılmasının əhəmiyyətindən danışıb, seysmik bölgələrdə tikinti normalarının nəzərə alınmasının vacibliyini önə çəkiblər.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli isə Qafqazda seysmik təhlükələrə həsr olunmuş konfransın ölkəmizdə keçirilməsinin önəmini vurğulayıb, üçgünlük müzakirələr zamanı tərəfdaş ölkələrlə birgə tədqiqatların aparılması baxımından mühüm elmi nəticələrin əldə olunacağına inamını ifadə edib.

Xəbər lenti