Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları Bərdə rayonunda yerləşən 4, 5 və 7 saylı tam orta məktəblərdə şagirdlərlə görüşlər keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Tehsil.biz"ə verilən məlumata görə, görüşlərdə məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat verilib.
“Dönərlə əlaqədar qida təhlükəsizliyi şərtləri”, “Enerji içkilərinin zərərləri”, “Düzgün qidalanma”, “Fast-foodun ziyanları” mövzularında təqdimatlar edilib. Mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanılıb.
Qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz hallarla qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar sualları yarandıqda Agentliyin “1003” Çağrı mərkəzinə müraciət etmək şagirdlərin diqqətinə çatdırılıb.