Logo

IV və VI siniflər üzrə monitorinqdə neçə məktəbli iştirak edəcək?

15.05.2024 13:31 354 baxış
IMG

"Mayın 18-də IV siniflər, mayın 19-da isə VI siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq keçiriləcək. Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda, tədrisin keyfiyyətinin artırılmasıdır".

Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

O qeyd edib ki, ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat, VI siniflərində isə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunur:

"Monitorinqlərdə istifadə edilən qiymətləndirmə vasitələri IV və VI siniflər üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanır. Tapşırıqlar IV siniflərdə tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edir. VI siniflərdə isə tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, qüvvə və hərəkət, ətraf mühit və biz məzmun xətlərini əhatə edir".

Agentlik direktoru bildirib ki, monitorinqdə ümumilikdə 300 minə yaxın məktəbli iştirak edəcək:

"IV siniflərdə keçiriləcək imtahanın müddəti 120 dəqiqədir. Tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə 27 qapalı və 3 açıq sual təqdim olunacaq.

IV siniflərdə keçiriləcək imtahanın müddəti 150 dəqiqədir. Tədris dili fənni üzrə 25 qapalı, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim olunacaq.

Hər cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavablara təsir göstərmir.

Bütün dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə onlar monitorinqdə iştirak etməyə bilərlər.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir".

Kənan Nağıbəyli

Xəbər lenti