Logo

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

15.05.2024 14:44 168 baxış
IMG

Mayın 15-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi qalibləri mükafatlandırılıb.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edən Baş nazirin müavini Əli Əhmədov böyük ənənəyə malik müsabiqənin 20 ildən artıqdır ki, məktəblilər arasında keçirildiyini söyləyib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu və dövlət idarəçiliyini uğurla davam etdirən Prezident İlham Əliyev gənc nəslin xoşbəxt və firavan yaşaması üçün bütün imkanlarını səfərbər edib.

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dəyərləri əsasında yeni nəslin yetişdirilməsinin vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, Elm və Təhsil Nazirliyinin əsas məqsədi Azərbaycan adət-ənənələrinə, Ulu Öndərin ideyalarına layiqli yeni nəsil yetişdirilməsidir.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinə önəm verdiyini söyləyib. Bildirib ki, gənclərin qabaqcıl universitetlərdə təhsil almaları baxımından ölkəmizdə böyük işlər görülüb. Tahir Budaqov cari ildə məktəblilər arasında “Yaşıl dünya naminə intellektual müsabiqə”nin keçiriləcəyini diqqətə çatdırıb.

Daha sonra Ulu Öndər Heydər Əliyev haqqında videoçarx nümayiş etdirilib. Tədbirin sonunda qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika səviyyəsində təşkil olunan müsabiqəyə bütün regionlardan 2 944 şagird qatılıb. Hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 90 şagird komissiya tərəfindən qiymətləndirilərək ölkə mərhələsinə seçilib.

Ölkə mərhələsində iştirak hüququ qazanan şagirdlərin onlara təqdim olunmuş 10 mövzudan 1-i üzrə çıxışları müsabiqə komissiyası tərəfindən dinlənilərək qiymətləndirilib. Otuz dörd nəfər müsabiqənin qalibi olub. Onlardan 7 nəfəri 1-ci, 11 nəfəri 2-ci, 16 nəfəri isə 3-cü yerə layiq görülüb.

Müsabiqə Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilib.

Xəbər lenti