Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru haqqında informasiya resursları” mövzusunda elmi seminar keçirilib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, elmi seminarda Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının magistrantı Bəsti Baxşıyeva məruzə edib. Tədqiqatçı əvvəlcə Qərbi Azərbaycan folklorunun zəngin qaynaqları haqqında ətraflı məlumat verib. Bildirib ki, araşdırmada Qərbi Azərbaycan ərazisində qeydə alınmış epiqrafik abidələr, bu ərazi ilə bağlı əfsanə və rəvayətlər, yazıya köçürülmüş folklor nümunələri, aşıq sənəti, milli-adət ənənələrimiz və s. kimi mühüm istiqamətləri əhatə edən informasiya resursları tədqiqata cəlb olunub: “Xalqımızın tarixi torpaqları olan Qərbi Azərbaycanda yaranmış folklor nümunələri bütövlükdə ümumtürk folklorunun ayrılmaz hissəsidir. Bu zəngin irs haqqında informasiya resurslarının tədqiqi bölgənin etnik, kulturoloji, ədəbi və digər mədəniyyət paradiqmalarını öyrənmək baxımından mühümdür”.
Məruzədə Azərbaycan türklərinin tarixi torpaqları olan Qərbi Azərbaycanın mahallarında, o cümlədən İrəvan, Dərələyəz, Vedibasar, Göyçə və digər ərazilərimizdə meydana gəlmiş və yayılmış folklor nümunələri haqqında arxiv sənədləri, kitablar, qəzet və jurnal materialları, internet resursları, elektron məlumat bazaları təqdim olunub.
Elmi seminar müzakirələrlə davam etdirilib.