Mayın 15-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şah İsmayıl Xətainin Azərbaycan tarixində və ədəbiyyatında fövqəladə missiyası” mövzusunda elmi sessiya keçirilib. Tədbir Şah İsmayıl Xətainin vəfatının 500 illiyinə həsr edilib.
Bu barədə "Tehsil.biz"ə Şərqşünaslıq İnstitutundan məlumat verilib.
Bildirilib ki, tədbirdə Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Şah İsmayıl Xətainin Səfəvi dövlətinin əsasını qoymasından danışıb. Həmçinin onun xidmətləri sırasında Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratdığını qeyd edib. Akademik vurğulayıb ki, onun hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından mühüm dövr sayılıb. Akademik G.Baxşəliyeva Xətainin ana dilində yaranan şeirin inkişafına xüsusi qayğı ilə yanaşdığını, bu dildə ölməz sənət inciləri yaratdığını qeyd edib.
Elmi sessiyada Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırovun “Səfəvi dövrünün mənbəşünaslıq məsələləri” və İran filologiyası şöbəsinin aparıcı elmi işçisi dosent Səadət Şıxıyevanın “Yaxın Şərq ədəbiyyatında “Dəhnamə” ənənəsi və Xətainin “Dəhnamə”si” mövzularından məruzələri dinlənilib.