Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Açıq qapı” günü keçirilib.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbir ümumi təhsil məktəblərinin buraxılış siniflərinin şagirdlərinin filialda tədris prosesi, mövcud şöbə və bölmələrin işi ilə yaxından tanış olmalarını təmin etmək və qəbul aparılacaq ixtisaslar haqqında məlumat vermək məqsədi daşıyıb.
Filialın direktoru dosent Vurğun Məmmədov “Açıq qapı”da iştirak edən Şəkinin ümumi təhsil məktəblərinin şagirdləri ilə görüşüb, onlara təhsildə uğurlar arzulayıb. O, 30 ildən artıq müddətdə fəaliyyət göstərən filialda zəngin ənənələrin olduğunu, güclü kadr potensialının mövcudluğunu, təhsil almaq üçün gənclərə əlverişli mühit yaradıldığını diqqətə çatdırıb.
Görüşdə tədris işləri üzrə direktor müavini Gülarə Abdullayeva, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri Firədun İbrahimov və Karyera mərkəzinin müdiri Xuraman Həmidova şagirdlərə filialın struktur və bölmələri, qəbul aparılan ixtisaslar, tələbələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər və tələbə təşkilatları barədə əhatəli məlumat veriblər.
Daha sonra şagirdlər filialın ayrı-ayrı struktur bölmələri və auditoriyalarında canlı iş və tədris prosesi ilə tanış olublar.