Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Türkologiya kafedrasının təşkilatçılığı ilə “Şamil Qurbanov: ömrün fikir dünyası” mövzusunda elmi seminar keçirilib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, seminar Azərbaycanın tanınmış dövlət xadimi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Şamil Qurbanovun 90 illik yubileyinə həsr olunub.
Elmi seminarda Türkologiya kafedrasının dosenti Fatima Dursunova Şamil Qurbanovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, tanınmış alim 22 kitabın, 300-dən çox məqalənin, o cümlədən “Açılmamış səhifələr”, “Ədəbi dostluq”, “Ömrün fikir dünyası”, “Ömər Faiq Nemanzadə”, “Nəriman Nərimanov dünyası”, “Cəmaləddin Əfqani”, “Atatürk və Nərimanov” kimi qiymətli əsərlərin müəllifidir. Mühacirət ədəbiyyatı, repressiya qurbanları, ədəbi əlaqələr, haqsız yerə unudulmuş Azərbaycan ziyalıları Şamil Qurbanovun əsas tədqiqat sahələridir. O, Azərbaycan ədəbiyyatında yeni səhifələr açıb, indiyə qədər məlum olmayan və ya az məlum olan şəxsiyyətləri üzə çıxarıb. Onun Şeyx Cəmaləddin Əfqani, Ömər Faiq Nemanzadə, Hüseyn Minasazov, Rəhimbəy Məlikov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov haqqında dəyərli tədqiqat əsərləri var.
Tədbirdə fakültənin müəllim-professor heyəti, tələbələri, Şamil Qurbanovun ailə üzvləri və başqa qonaqlar iştirak ediblər.