Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin təşkilatçılığı ilə magistraturaya qəbul imtahanlarında yüksək nəticə göstərmiş sonuncu tədris ili tələbələri üçün infosessiya keçirilib.
Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.
İnfosessiyada magistraturaya qəbul imtahanlarında yüksək nəticə göstərmiş 200-dən çox tələbə iştirak edib.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov son illər universitetdə təhsilin, o cümlədən magistratura səviyyəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, dövrün tələblərinə uyğun olaraq yeni ixtisasların açılması haqqında danışıb. Professor ADPU-da yalnız magistrantlar üçün nəzərdə tutulmuş xüsusi “Magistrant” dövri-elmi jurnalının nəşr olunduğunu, hər il respublika elmi konfranslarının keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bakalavrlar hazırda ADPU-nun magistratura səviyyəsində müəllimlik ixtisasları üzrə metodika, SABAH magistratura, menecment, təhsilin təşkili və idarə olunması, təlim və tədrisin təşkili və metodikası, gənclərlə iş, sosial iş, habelə ADPU-CVU ikili diplom proqramında təhsillərini davam etdirə bilərlər.
Elmi-təşkilati şöbənin müdiri professor İbrahim Bayramov qeyd edib ki, ADPU hər bir məzununu diqqətlə izləyir və onların bakalavriatdan sonrakı elmi-pedaqoji inkişaflarında da olduqca maraqlıdır.
Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova universitetdə tələbə və məzunların fəaliyyətinin daimi olaraq izlənildiyini söyləyib. Diqqətə çatdırıb ki, hazırda Bakı şəhərindəki 86 ümumi təhsil məktəbinin direktoru, eləcə də regionlarda təhsil sahəsində qabaqcıl rəhbər vəzifə tutan 967 nəfər ADPU məzunu var.
Gənc müəllim dosent Şəbnəm Əsədova tələbələrin magistr ixtisasları seçərkən dövrün aktual peşələrinə və maraq dairələrinə uyğun olaraq ən uğurlu olacaqları sahəni seçmələrinin vacibliyini vurğulayaraq, təhsil menecmenti, marketinqi, təlim və tədrisin təşkili və metodikası sahələri üzrə Pedaqoji Universitetdə yüksək səviyyəli magistrlərin hazırlandığını diqqətə çatdırıb.
Daha sonra tələbələrin Pedaqoji Universitetdə magistratura təhsili almaqla bağlı sualları cavablandırılıb.