07 - 09 aprel 2021-ci il tarixlərində Əfqanıstan İslam Respublikasının Herat şəhərində görkəmli özbək şairi Əmir Əlişir Nəvainin 580 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda Azərbaycan alimləri də yüksək səviyyədə təmsil olunmuşlar.
Konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi və AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarixçi – alim Mübariz Ağalarlı təmsil etmişdir.
Açılış mərasimində çıxış edən Azərbaycan alimləri Azərbaycan-Əfqanıstan əlaqələrinin çoxəsrlik tarixə malik olduğunu, bu gün də sıx şəkildə davam etdiyini xüsusilə qeyd etmiş, II Qarabağ savaşında dost ölkə olaraq Azərbaycana siyasi dəstək verən Əfqanıstan dövlətinə və əfqan xalqına öz təşəkkürlərini bildirmişlər.
Konfransda müxtəlif ölkələri təmsil edən alimlər türk dünyasının görkəmli şəxsiyyətlərindən biri olan Ə.Nəvainin həyatı, yaradıcılığı, siyasi və idarəçilik fəaliyyəti haqqında çoxsaylı elmi məruzələr etmişlər. Nəvaişünas alim, prof. A.Ülvi öz elmi məruzəsində Ə. Nəvainin elmi-ədəbi irsinə böyük qiymət verərək, onu türk dünyasının böyük siyasi-ədəbi şəxsiyyəti, müsəlman dünyasında yüksəklərdə dayanan irfan sahibi kimi qiymətləndirərək böyük ədibin elmi-ədəbi fəaliyyətinə diqqət yetirən professor onu N.Gəncəvi ədəbi məktəbinin layiqli davamçısı adlandırmışdır.
Tarixçi – alim M.Ağalarlı öz çıxışında Ə.Nəvai dövründə Azərbaycan dövlətləri ilə Teymurilər dövləti arasında diplomatik-siyasi və mədəni əlaqələrin inkişaf etdiyini, bu əlaqələrin möhkəmləndirilməsində özbək şairi Əmir Əlişir Nəvai, Azərbaycan ədibləri Kişvəri, Həbibi kimi ədəbi şəxsiyyətlərin böyük rolunun olduğunu qeyd edib. Tarixçi-alim xüsusilə qeyd edib ki, Ağqoyunluların hakimiyyəti dövründə Azərbaycan-Teymuri münasibətləri yüksələn xətlə inkişaf etmiş, Azərbaycan hökmdarı Sultan Yaqub və Teymuri sultanı Hüseyin Bayqara arasında siyasi-diplomatik və mədəni əlaqələr əhəmiyyətli dərəcədə yaxınlaşmışdır.
Konfrans çərçivəsində Əfqanıstan Elmlər Akademiyasının Prezidenti professor Abdul Zahir Şakibin rəhbərlik etdiyi elmi heyətlə görüşən Azərbaycan alimləri Azərbaycanla Əfqanıstan arasında elmi əlaqələrin inkişaf perspektivlərini müzakirə edərək bu sahədə elmi əməkdaşlığın qurulması arzusunu dilə gətirmişlər. Prof. A.Z.Sakibi Azərbaycan – Əfqanıstan əlaqələrinin çoxəsirlik tarixə malik olduğunu, hər iki xalq arasında ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərin mövcud olduğunu qeyd etmişdir. Müzakirə zamanı Azərbaycan alimləri hər iki dövlət arasında elmi əməkdaşlığın olduqca gərəkli olduğunu, elmi kadrların hazırlanması, müştərək tədqiqatların aparılması, arxiv sənədlərin və əlyazmaların mübadiləsinin əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışlar. Həmçinin Əfqan alimlər qeyd etmişlər ki, Əfqanıstan elminin Avropa elmi ilə inteqrasiyası prosesində Azərbaycanın müvafiq elmi müəssisələrinin körpü rolunu oynayacağına əmindirlər.
Herat şəhərində olarkən Azərbaycan alimləri Əfqansıtanın müxtəlif bölgələrində yaşayan Azərbaycan əsilli qızılbaş, bayat, əfşar, qacar, mərvi və türkmanların nümayəndələri ilə də görüşmüş, bu insanların uzun illər öncə Azərbaycanı tərk edərək bu bölgələrə gəlməsinə baxmayaraq öz ana dillərini, mədəniyyət, folklor nümunələrini unutmadıqlarının şahidi olmuşlar. Burada yaşayan Azərbaycan mənşəli soydaşlarımız hətta bu bölgələrə Azərbaycan mənşəli toponimlərinin adını verərək, Əfqanıstan torpağında Şəki, Bayat, Əfşar, Xocalı adlı qəsəbələr də inşa etmişlər.
Qeyd edək ki, xüsusilə də son dövrlərdə öz inkişafının yüksəliş dövrünə qədəm qoyan Azərbaycan – Əfqanıstan əlaqələrində elmi inteqrasiya olduqca əhəmiyyətli xarakter daşıyır və aktualdır.