Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti Ankaraya səfər çərçivəsində Qazi Universitetinin Təhsil fakültəsinin dekanı professor Mahmut Selvi ilə görüşüb.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, nümayəndə heyətinin tərkibində MDU rektorunun müşavirləri Hamiz Mahmudov və Ramin Məmmədov, Qazi Universitetinin və Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları Cemal Yılmaz və Evren Gücer təmsil olunub.
Görüşdə Qazi Universiteti və MDU-nun Təhsil fakültələri arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Pedaqoji təhsilin məzmununun yenilənməsinə, regionda təhsilin idarə edilməsi sahəsində bilik və bacarıqların artırılmasına və qabaqcıl təcrübələrin paylaşılmasına hədəflənən birgə fəaliyyətlərin potensialından bəhs olunub. Qazi Universitetinin təhsil ixtisasları üzrə Türkiyədə və qlobal reytinqlərdə aparıcı mövqe tutması xüsusi vurğulanıb.
Fakültələr arasında işbirliyinin inkişafında ortaq konfransların, tələbə və müəllim mübadiləsinin önəmi vurğulanaraq konkret istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı ilkin razılıq əldə edilib.
Qeyd edək ki, MDU-da pedaqoji təhsilinin məzmununun təkmilləşdirilməsi məqsədilə Qazi Universitetinin Təhsil fakültəsi ilə işbirliyinə xüsusi əhəmiyyət verilir.