“Azərkosmos” qlobal coğrafiya informasiya sistemləri təminatçısı “ESRI” şirkəti ilə anlaşma memorandumu imzalayıb.
Tehsil.biz “Azərkosmos”a istinadən xəbər verir ki, əməkdaşlığın məqsədi Azərbaycanda tədqiqat və təhsil təşəbbüslərində coğrafi informasiya məlumatlarının istifadəsini təşviq etməkdir. Memorandum çərçivəsində Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti və Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutuna “ESRI” şirkətinin coğrafiya informasiya sistemlərinin proqram təminatı üzrə lisenziyalarının verilməsi təmin olunur.
“ESRI” şirkətinin platformasından istifadə etməklə tələbə və təqdiqatçılara iqlim dəyişikliyi, su ehtiyatlarının idarə edilməsi, ərzaq təhlükəsizliyi, təbii təhlükələr və davamlı inkişaf kimi günümüzün problemlərinə innovativ həll yolları təklif etmək imkanı olacaq. Bu da öz növbəsində coğrafiya informasiya sistemləri sahəsində yerli kadr bazasının təkmilləşdirilməsinə müsbət töhfə verəcək.
“ESRI” qlobal miqyasda ən güclü coğrafiya informasiya sistemi üzrə proqram təminatı şirkətidir. “ESRI”nin regional ofisləri, beynəlxalq distributorları və altı qitədə 100-dən çox ölkədə yerli dəstək göstərən tərəfdaşları var. “ESRI” Yer-məkan texnologiyasına və analitikaya əsaslı həllər təqdim edir.