Xəzər dənizinin Azərbaycana məxsus hissəsində məskunlaşmış nərəkimilərin genetik xüsusiyyətlərinin öyrənilməsi və elmi tədqiqatlarla sübuta yetirilməsi istiqamətində Bakı Dövlət Universiteti (BDU),“LU-MUN HOLDİNG”, İzmir Yüksək Texnologiya İnstitutu, “Bayramlı Group”, Türkiyənin “Letgen Biotechnology” şirkətlərinin əməkdaşlığı ilə nərəkimilərin endemik növlərinin genom analizi aparılıb.
Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.
Mikrosatelit analizi “Sturgeon Acipenser” balıq növü üzərində həyata keçirilib. Bu balıq növünün öyrənilməsi üçün 125 fərddə 6 mikrosatelit lokusu üzrə 90 allel yoxlanılıb. Aparılan genetik analizlər Xəzər nərəsinin pasportlaşdırılmasına və onun Azərbaycana məxsusluğunun elmi tədqiqatlarla təsdiqlənməsinə zəmin yaradır. Hazırda istifadə olunan metodologiya ilə saf növlər və hibridlər dəqiq aşkarlana, nərəkimilərə məxsus olan kürünün etibarlı olduğu sübut edilə bilir.
Layihə çərçivəsində BDU və “Bayramlı Group” şirkətinin əməkdaşlığı ilə Azərbaycana məxsus endemik nərə balıqlarının genetik analizlərinin tamamlanması üçün nümunələrin toplanması, coğrafi pasportlaşdırılması istiqamətində aparılan işlər davam etməkdədir.