Logo

Malayziyada Ulu Öndər Heydər Əliyevə həsr olunan şahmat turniri təşkil edilib

20.05.2024 20:04 451 baxış
IMG

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən şahmat turniri keçirilib.

Səfirlikdən "Tehsil.biz"ə bildiriblər ki, Malayziya Şahmat Federasiyasının təşkilatçılığı ilə ölkənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Sibercava Universitetində keçirilmiş yarışda (FIDE Event ID 367929 ) fərqli yaş qruplarından 98 şahmatçı iştirak edib. 

İsveçrə sistemi üzrə sürətli oyun qaydasında keçirilən yarışın sonunda qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub. Mərasimdə çıxış edən ölkəmizin Malayziyadakı səfiri İrfan Davudov Ulu Öndərin tarixi xidmətləri, onun ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafı üçün həyata keçirdiyi tədbirlər barədə danışıb, Azərbaycanda bu siyasətin hazırda davam etdirildiyini bildirib. O, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən qısa müddət sonra iqtisadi, sosial, təhsil, texnologiya və digər sahələrdə olduğu kimi, idman sahəsində də böyük nailiyyətlər əldə edə bildiyini, bir çox hallarda Azərbaycanın beynəlxalq media və ekspertlər tərəfindən idman ölkəsi kimi də səciyyələndirildiyini nəzərə çatdırıb, dövlətimizin diqqət və qayğısı nəticəsində idman sahəsində əldə edilən uğurlardan söz açıb. 

Sibercava Universitetinin rektoru Mohammad Abd Razak tədbirin keçirilməsi üçün təmsil etdiyi ali təhsil ocağının seçilməsindən məmnunluğunu bildirib, gələcəkdə də Malayziya Şahmat Federasiyası və Azərbaycan səfirliyi ilə birgə oxşar turnirlər keçirməsinin tələbələr üçün faydalı olacağını vurğulayıb.

Malayziya Şahmat Federasiyasının (MŞF) prezidenti Akhramsyah Muammar Ubaidah Sanusi belə bir əlamətdar turnirin ikinci dəfə təşkilinin idman ictimaiyyəti tərəfindən məmnuniyyətlə qarsalandığını qeyd edib. O, beynəlxalq mötəbər şahmat yarışlarında Azərbaycanın aparıcı ölkələrdən biri olduğunu vurğulayaraq, təmsil etdiyi federasiyanın qarşıdakı dövrdə Azərbaycan Şahmat Federasiyası və Azərbaycan şahmat məktəbinin yetirmələri ilə əməkdaşlıq münasibətlərini genişləndirməkdə maraqlı olduğunu bildirib. MŞF-nin prezidenti turnirdə iştirak edən idmançıların əksəriyyətinin yaxın zamanlarda Macarıstanda keçiriləcək turnirdə Malayziyanı təmsil edəcəklərini diqqətə çatdırıb.

Kişilərin yarışında Malayziya Milli Olimpiya komandasının üzvü Kavin Mohan, qadınlar arasında isə Nur Najiha qalib olub.

Bağlanış mərasimində Azərbaycanla bağlı qısa filmlər nümayiş etdirilib, Ulu Öndər Heydər Əliyevə həsr olunan mahnılar səslənib.

Tədbir iştirakçıları Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə Sibercava Universitetində təşkil olunan fotosərgiyə baxıblar.

Xəbər lenti